AzVision.az-ın Analitik Qrupu

Şeytan bunu bəyənmir | LONQRİD

// Azərbaycandakı dini vəziyyəti qaralamaq kimlərə və nə üçün lazımdır

B
ir neçə ay əvvəl ABŞ Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) Dini Etiqad Azadlığına dair hazırladığı hesabatda Azərbaycanla bağlı yazılanlar hamını təəccübləndirdi. Ardınca isə ABŞ Dövlət Departamenti Azərbaycanı dini azadlıqların pozulduğu ölkələrin “qara siyahısı”na saldı. Bu addımlar Kozma Prutkovun məşhur sözünü yada salırdı: “Əgər filin qəfəsində “öküz” yazıldığını görsən, inanma”. Azərbaycanı bircə dəfə görən, ölkədəki vəziyyətdən xəbərdar olan istənilən insan üçün həmin qərarlar anlaşılmazlıqdan başqa heç nə deyildi. 

Hesabatda iddia olunurdu ki, guya Azərbaycanda hökumət dini etiqad azadlığı haqqında qanunu pozur, dini icmaları qeydiyyata almır, dini ədəbiyyatın satışına, təbliğat və missionerlik fəaliyyətinə mane olur. Əksər müddəalar isə dindən daha çox siyasətlə bağlı idi. Məsələn, xaricdən maliyyələşən ekstremist təşkilat olan “Müsəlman Birliyi Hərəkatı”nın rəhbərlərinin həbsi haqqında danışmağa dəyməz. Çünki radikal dini qurumlar dünyanın hər yerində təhlükə sayılır və onlara qarşı adekvat tədbirlər görülür. Amma qalan müddəalar haqqında danışmaq olar və lazımdır.

Tarix və coğrafiya

Ə
slində Azərbaycanda tarixən dini ayrı-seçkilik olmayıb. Bunun səbəbi həm də coğrafiya ilə bağlıdır. Tarixçi, Qafqaz Tarixi Mərkəzinin rəhbəri Rizvan Hüseynov deyir ki, ərazinin xüsusiyyəti əhalinin şüuruna təsir edir. Biz aran, dağarası ərazidə yaşayırıq. Bura minilliklərlə bütün yolların kəsişmə nöqtəsi olub. Belə coğrafiyalarda yaşayan toplumlar istər-istəməz tolerant olmağa məcburdurlar. Çünki həyatları, qazancları bundan asılıdır. Məsələn, dağlarda yaşayan toplumlar milli, dini və digər mövzularda daha sərt olurlar. Aranda, düzənlik ərazilərdə, yolların kəsişdiyi yerlərdə yaşayanlar isə başa düşürlər ki, onların təhlükəsizliyi, gəliri, rifahı hamı ilə eyni, bərabər münasibət qurmaqdan asılıdır. Dini xarakter də həmçinin, coğrafiyanın tələbinə uyğun formalaşır.

Rizvan Hüseynov: "Coğrafiya xalqın dini xarakterinin formalaşmasına təsir göstərir"

Tarix də coğrafiyanı təsdiqləyir: Azərbaycanın tarixində heç vaxt Avropadakı kimi dini müharibələr olmayıb. Məsələ ondadır ki, Avropada milli şüurun formalaşmasının əsasında kilsə durub. Hər toplumun öz kilsəsi var idi. Kapitalizm dövrü başlayanda məhz kilsədən milli proyektlər çıxmağa başladı. Həmin qüvvələr Vatikanın monopoliyasını əlindən almaq üçün qırğınlar törətməkdən belə çəkinmirdilər. Bizdə heç vaxt belə hallar olmadığı üçün dini qarşıdurma ənənəsi də yoxdur. Dini problemlər Osmanlıda və bizim ərazimizdə süni olaraq Avropa, ABŞ, Çar Rusiyası tərəfindən yaradılıb. Onlar erməniləri, şərqi xristian toplumlarını, Balkanlardakı xristianları müsəlman-türklərə qarşı qoymaq üçün din amilindən istifadə ediblər. Təəssüf ki, həmin siyasət bir qədər fərqli formada günümüzdə də davam edir.

Azərbaycanda digər dinlərə münasibət indi də dəyişməyib. Müasir dövrdə də buradakı dini vəziyyət dünyanın əksər dövlətlərinə nümunə ola bilər. Bunu ölkədəki dini azlıqların nümayəndələrinin sözləri və onlara yaradılan şərait də təsdiqləyir.

“Azərbaycan bizim evimizdir”


14 ildən artıqdır ki, Azərbaycanda katolik kilsəsinə rəhbərlik edirəm. Azərbaycan milli adət-ənənələrə, cəmiyyətin mənəvi-mədəni müxtəlifliyinə hörmətlə yanaşan və dəstəkləyən müasir dünyəvi dövlətdir,- deyə Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete “AzVision.az”a bildirib.

Onun sözlərinə görə, Azərbaycan müxtəlif dini icmalar arasında uğurlu qarşılıqlı əlaqələrin, din və dünyəvi hakimiyyət arasında ahəngdar münasibətlərin nadir nümunəsini yaratmış ölkə kimi xüsusi diqqətə layiqdir.

Alban-udi xristian icmasının sədri Robert Mobili ABŞ Dövlət Departamentinin əməkdaşlarını Azərbaycana dəvət edib ki, gəlib, vəziyyəti gözlərilə görsünlər. O, rəsmi nümayəndə heyətinin tərkibində Dövlət Departamentində bu məsələ ilə bağlı görüşlər də keçirib.

- Bizim icma öz ayinlərini alban dilində həyata keçirir. Belə bir vəziyyətdə ölkədə dini etiqad azadlığının sıxışdırıldığını necə dilə gətirmək olar? - Robert Mobili sual edir.

Bakı Yeparxiya İdarəsinin katibi, Müqəddəs Zənənlər Kafedralının baş keşişi, arximandrit Aleksi Nikonorov deyir ki, Azərbaycan cəmiyyətində özünəməxsus tolerantlıq mühiti mövcuddur. Dövlət cəmiyyətdə mədəni müxtəlifliyə xüsusi diqqət yetirir, dini və milli mənsubiyyətinə fərq qoyulmadan vətəndaşların hüquq və azadlıqlarına təminat verir.

- Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər arasında dinc birgəyaşayış, qarşılıqlı fəaliyyət və birgə quruculuq sahəsində çoxəsrlik unikal təcrübə var. Azərbaycan tarixən çoxsaylı xalqların ümumi vətəni kimi şöhrət tapıb. Bir çox ölkədən fərqli olaraq, burada vətəndaşlar arasında dinlərarası dialoqun inkişafını əngəlləyən problemlər yoxdur,- arximandrit bildirib.

Yəhudilərlə bağlı vəziyyət xüsusilə maraqlıdır. Xristian ideologiyasının mərkəzində tarixən “yəhudilərin günahkar olması” tezisi dayanırdı. Buna görə də daim təqib olunan, sıxışdırılan, Avropadan qovulan yəhudilər Osmanlıya, Səfəvilərə sığınıblar. O vaxtdan indiyə qədər bu torpaqlarda özlərini çox rahat hiss edirlər.

Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayevin sözlərinə görə, Azərbaycanda bütün dini icmalara dövlət səviyyəsində maddi dəstək ayrılır. Bu, yalnız dini etiqad azadlığına təminat vermir, habelə mədəni və dini müxtəlifliyin mühafizəsində əhəmiyyətli rol oynayır.


Milix Yevdayev: "İsrail - tarixi, Azərbaycan - ana vətənimizdir"




Milix Yevdayevin dediklərinə əmin olmaq üçün AzVision.az Bakı Dağ Yəhudilərinin Sinaqoqundan reportaj hazırlayıb.  Göründüyü kimi, burada dini ayinləri sərbəst və rahat şəkildə həyata keçirmək üçün həqiqətən də hər cür şərait var. “Xoşbəxt o kəsdir ki, evində xoşbəxtdir. Azərbaycan bizim evimizdir”,- Sinaqoqda bizə belə dedilər.

“Dini azlıq” - yad termindir

A
zərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1002 dini icma qeydiyyatdan keçib. 7 icmanın qeydiyyatı özləri tərəfindən ləğv olunub. Fəaliyyət göstərən 995 icmanın 37-si İslamdan başqa dinə etiqad edənlər tərəfindən yaradılıb. Onlardan 24-ü xristian, 8-i yəhudi, 2-si bəhai, 1-i isə Krişna dini icmasıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla İş üzrə Şöbəsinin müdiri Cahandar Əlifzadə AzVision.az-a müsahibəsində bildirib ki, hər bir icmanın sərbəst fəaliyyət göstərməsi üçün qanunvericiliklə kifayət qədər şərait yaradılıb. Konstitusiyamızda bütün dinlərin bərabərliyi və insanların etiqad azadlığı təsbit olunub. Qeyri-müsəlman dini icmalarının nümayəndələri Azərbaycanda cəmiyyətin aktiv üzvləridirlər. Onlar ibadət evləri yaradır, tədbirlər, dini mərasimlər keçirir, təbliğat aparırlar.

- “Dini azlıq” bizim üçün yad termindir. Dövlət Komitəsində çalışdığım 16 il ərzində hansısa dini icmanın özünü “azlıq” adlandırmasını eşitməmişəm. Saylarından asılı olmayaraq, onların hər biri özlərini Azərbaycanın dini mühitinin tərkib hissəsi, harmonik cəmiyyətin müəyyən bir funksiyasını yerinə yetirən üzvü kimi görürlər. Azərbaycanda din məsələsində “azlıq”, “çoxluq” anlayışı yoxdur. “Bərabər hüquq” anlayışı var. Ölkədə fəaliyyət göstərən bütün dini icmalar məsələyə belə yanaşırlar. Cəmiyyətdə də heç kim onlara “azlıq” demir,- şöbə müdiri vurğulayıb.

Cahandar Əlfizadə: "Bizdə "dini azlıq" anlayışı yoxdur"

Azərbaycanda dini etiqad azadlığı haqqında qanun var. Amma dini icmaların etiqad azadlığının pozulması ilə bağlı istər Komitəyə, istərsə də hüquq-mühafizə orqanlarına heç bir şikayət daxil olmayıb.

“Sui iuris”

B
u deyilənlərin təsdiqini tapdığı məkanlardan biri də Bakıdakı “Müqəddəs Məryəm” katolik kilsəsidir. Azərbaycandakı Apostol Prefekturası Roma Katolik Kilsəsində yeparxiyaya bərabər ərazi vahididir. “Sui iuris” (“özəl hüquqlu”) statusuna malikdir və fəaliyyətini yeparxiya hüquqlarına əsaslanaraq həyata keçirir. Kilsənin rəhbəri Yozef Marek “AzVision”a bildirib ki, Azərbaycan kimi tolerant ölkədə olmağı Tanrının lütfü hesab edir: “Ən çox xoşuma gələn insanın dininə və şəxsiyyətinə qoyulan hörmətdir. Yəni onlar necə olduğunu qəbul edir və hörmətlə yanaşırlar. İslam dəyərlərinə əsaslanan ənənəvi mənəviyyatla bərabər, digər dinlərə və dünyagörüşlərinə də hörmətlə yanaşırlar. Həm katoliklər, həm də digər xristianlar burada sərbəst yaşaya və ibadət edə bilirlər. Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri sülh şəraitində ömür sürürlər”.


Yozef Marek 22 il öncə Roma Papası II İohan Pavelin Azərbaycanda qarşılandığı günü belə xatırlayır:
- Təəccübləndim, hətta bir neçə şəxsdən soruşdum ki, belə gözəl qarşılamanın səbəbi nədir? Onlar isə cavabında dedilər: “Axı, o, müqəddəs insandır”. Bu heyrətamizi idi. İnsanlar digər dinin nümayəndəsinə böyük hörmət və rəğbət bəsləyirdilər!




Göründüyü kimi, insanlar da, faktlar da – hər şey Azərbaycanda dini münasibətlər sahəsində heç bir problemin olmadığını təsdiqləyir. Qərb ölkələrinin çoxundan fərqli olaraq, burada dini zəmində qarşıdurma heç bir zaman qeydə alınmayıb. Dağ yəhudilərinin dini lideri Milix Yevdayev bizə belə bir maraqlı epizod danışdı:
- Fransada 400 nəfərə qədər insanın toplaşdığı mühüm bir tədbirdə idim. Parisin ravvini çıxışı zamanı belə bir fikir səsləndirdi ki, “biz küçəyə çıxanda fransız, evdə isə yəhudi oluruq”. Mənə söz veriləndə üzümü ona tutub dedim ki, "sizdən fərqli olaraq, biz Azərbaycanda küçədə də, evimizdə də yəhudi oluruq".

Bəs elə isə, hesabatda Azərbaycana qarşı müşahidə olunan qərəzin səbəbi nədir?

Şeytanın diqtəsi ilə

Dini icma rəhbərləri deyirlər ki, xaricdən gələn qonaqlar buradakı vəziyyəti gözlərilə görsələr də, xeyri olmur, gedib, özlərinə lazım olan mənfi rəyləri yazırlar. Bu zaman dini icmaların rəhbərlərinə yox, şübhəli şəxslərə və mənbələrə istinad edirlər. Məsələn, deyirlər ki, Azərbaycanda yaşı 65-dən yuxarı olan insanların həcc ziyarətinə məhdudiyyət yaradılır. Halbuki, bu məhdudiyyətin Azərbaycanla heç bir əlaqəsi yoxdur, onu Həcc ziyarətini təşkil edən tərəf – Səudiyyə Ərəbistanı insanların sağlamlığını nəzərə alaraq tətbiq edib.

Yaxud, hesabatda yazılır ki, Azərbaycanda protestantların, yevangelistlərin dini icma yaratmasına imkan verilmir. Ancaq son illərdə bu məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət edilməyib.

Azad olunmuş ərazilərdəki dini abidələr əsl mahiyyətinə qaytarılır

Hesabatdakı digər məqam işğaldan azad olunmuş ərazilərdəki dini abidələrlə bağlıdır. Ümumiyyətlə, azad olunmuş ərazilərdəki xristian abidələrini 3 qrupa bölmək olar:
• Qədim Alban abidələri;

• Çar Rusiyası dönəmində, yəni son 200 ildə orada tikilən istər pravoslav, istər erməni kilsələri;
• 30 illik işğal dövründə tikilən erməni kilsələri.

İşğal vaxtı tikilən binalardan erməni faşizminin simvollarının silinməsi, bəzi hallarda hətta dağıdılması labüddür. Belə tikililərlə bütün dünyada eyni cür rəftar edirlər. Yaxud, həmin abidələrin həqiqi mahiyyəti qaytarıla bilər – necə ki, Şuşanın keçmiş provaslav kilsəsini işğal vaxtı erməni kilsəsinə çevirmişdilər, indi onun restvarasiyası gedir, yenidən provaslav kilsəsi olacaq.

Bizim tariximizin bir parçası olan alban-xristian abidələrinə gəlincə, əksəriyyəti Nazirlər Kabineti tərəfindən qorunan irs siyahısına daxil edilib. Necə ola bilər ki, Azərbaycan öz tarixi-mədəni irsini dağıtmağa çalışsın? Torpaqlarımız azad olunandan sonra hansısa kilsənin, məbədin dağıdılmasına dair bircə fakt da yoxdur! Halbuki, 30 ildən çox davam edən işğal dövründə ərazilərimizdə 60-dan artıq məscid, dini-mədəni obyekt darmadağın edilsə də, nə ABŞ, nə də digər Qərb dövlətləri və qurumları buna fikir veriblər. Bu gün Ermənistanın ərazisi olan Qərbi Azərbaycan torpaqlarında – Zəngəzurda, Göyçədə, İrəvanda İslam dininə aid mədəni abidələrə qarşı eyni vəhşi davranış davam edir. Amma UNESCO həmin ərazilərdə monitorinq aparmaqdan imtina edir.

Nəticə

B
u mövzuda bizimlə həmsöhbət olan bütün ekspertlər və dini icma nümayəndələri eyni fikri bölüşdülər: Azərbaycanda dini vəziyyətlə bağlı iradlar qərəzlidir. Bu cür hesabatların arxasında siyasi sifariş dayanır. Məqsəd isə gələcəkdə Azərbaycana qarşı atıla biləcək hansısa sərt addımlar üçün indidən zəmin formalaşdırmaqdır. Bir növ ölkədə, geniş mənada isə regionda baş verən proseslərə dinin vasitəsilə də müdaxilə etməyə çalışırlar.
Amma tarixi təcrübə göstərir ki, dindən siyasi məqsədlərlə istifadə etmək həmişə çox mənfi nəticələr doğurub. Din – mənəviyyat məsələsidir və elə həmin sferada da qalmalıdır.

  07 May 2024    Oxunub: 2554    Oxunma vaxtı: 18 dəq.

18 dəq.